Bakıda yeraltı və yerüstü yolları birləşdirən qovşağın inşasına başlandı
14:20, 15 февраля, 2011 Milli.Az
Azərbaycanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun Milli.Az xəbər portalına verdiyi məlumata görə, Bakıda 3-cü mirkrorayon bazarının yaxınlığında yeni yol ötürücü qovşaq tikilir. Onun sözlərinə görə, bu, paytaxtın yol-nəqliyyat kompleksinin əsaslı şəkildə yenilənməsi, tıxac probleminin aradan qaldırılması üçün hərtərəfli tədbirlərin reallaşdırılması istiqamətində görülən işlərdən biridir.
N.Həsənov qeyd etdi ki, yeni tikilən kompleks yeraltı və yerüstü olmaqla müxtəlif səviyyəli yolları birləşdirən qovşaq olacaq. Həmin ərazidə Salamzadə küçəsi, Ziya Bünyadov prospekti, "20 Yanvar" metro stansiyası və mikrorayonlar istiqamətində yollar var ki, günün pik saatlarda orada avtomobillərin hərəkəti mümkünsüz olur. Yeni tikiləcək yol qovşağı bütün istiqamətlərə avtomobillərin hərəkətini tənzimləyəcək.
Tikinti işləri “Körpü-Bina-Tikinti” şirkəti tərəfindən həyata keçirilir.