Paytaxtda 7 giriş-çıxışlı tunel və 3 körpü inşa edilir
29.03.2011 Zaman.Az
Yerin altı ilə keçən tunelin uzunluğunun 1000, eninin 6 metr olması nəzərdə tutulur.
Bakının Nəsimi rayonu ərazisində 7 giriş-çıxışlı 1 tunel, 3 körpünün tikintisi aparılır. İş icraçısı Mahir Abbasov ANS-ə bildirib ki, tunel yeraltı olacaq, 3 körpü isə onun üzərindən keçəcək. Yerin altı ilə keçən tunelin uzunluğunun 1000, eninin 6 metr olması nəzərdə tutulur. Tunel 4 zolaqlı yoldan ibarət olacaq. Yeraltı tunel Alı Mustafayev küçəsindən (3-cü mikrorayon bazarı) Ziya Bünyadov prospekti istiqamətində uzanacaq. Bundan əlavə, Ziya Bünyadov prospekti istiqamətindən Salamzadə küçəsi istiqamətinə uzanan körpünün uzunluğu isə 700, eni 6 metr olacaq. Körpü yalnız bir istiqamətə, yəni Ziya Bünyadov prospektindən Salamzadə küçəsi istiqamətində olacaq. Salamzadə küçəsindən girişi olan növbəti körpü Alı Mustafayev və Ziya Bünyadov istiqamətinə uzanacaq. Körpünün uzunluğu 500, eni 5 metr olacaq. Digər körpü Salamzadə küçəsindən Rəşid Məmmədov küçəsinə qədər uzanacaq. Həmin körpünün hələ ki uzunluğu tam dəqiqləşməyib. Qeyd edək ki, tikinti işləri “Körpü Bina Tikinti” MMC tərəfindən həyata keçirilir.